Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Prokuror ittiham aktını elan edib
Hadisə
15 Aprel , 2016 15:36
Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə başlayıb.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Özünü təqsirli bilməyən Yusif Mirzəyev ifadə verməyib. O bildirib ki, şahidlərin dindirilməsi başa çatandan sonra ifadə verəcək.

Daha sonra prosesdə mərhumun hüquqi varisi ifadə verib. O, təqsirləndirilən şəxsin ağır cəza ilə cəzalandırılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Xatırladaq ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yusif Mirzəyev həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Son xəbərlər

Orphus sistemi