Yuxarı

Səidə Sultanın prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi təxirə salınıb

Proses sentyabrın 6-da davam etdiriləcək

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyevin göndərdiyi sorğusuna cavab gəlməməsi olub.

Belə ki, vəkilin qaldırdığı vəsatətində qətlə yetirilən H.Cahangirovun kimlərə borcu olub-olmaması ilə bağlı lazımi qurumlara sorğu göndərdiyini deyib. Məhkəmə vəsatəti təmin edib.

Proses sentyabrın 6-na təxirə salınıb.

Xatırladaq ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü H.Cahangirov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi və Yasamal Rayon Prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Mirzəyev həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi