Bakı. 1 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin keçmiş rəisi Tahir Mehdiyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
“Report”un xəbərinə görə, şikayətə oktyabrın 9-da Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Azərbaycan Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Həmin müraciət üzrə Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri - eksperti T.Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, sonradan isə şikayətçi ilə razılaşdığı 200 manat məbləğində pulu 12 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb və T.Mehdiyevə Cinayət Məcəlləsinin (CM) 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzаçəkmə müddəti 12 fevral 2015-ci ildən hеsаblаnıb. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Qərara əsasən, T.Mehdiyevə CM-nin 311.1-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsinə əsasən 1 il 21 gün cəza təyin edilib. Onun 12 fevral 2015-ci il tarixdən 04 mart 2016-cı il tarixə kimi həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəza çəkilmiş hesab edilib.