Yuxarı

Şəhid ailəsinə qarşı 66 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxslə bağlı məhkəmə keçirilib

​Prokurorun apellyasiya protestinə baxılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Milli Qəhrəmanların Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Mirbəşir Sultan oğlu Murtuzovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, M.Murtuzov 2014-ü ildə şəhid ailəsi Məhəbbət Şahvələdqızına qarşı dələduzluq edib. O, zərərçəkmişə onun adını şəhid ailəsi olduğu üçün ev siyahısına saldıra biləcəyini vəd edib. Daha sonra M.Murtuzov M.Şahvələdqızına bildirib ki, dövlət tərəfindən Nəqliyyat Nazirliyinin arxasında 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 3 otaqlı, tam təmirli, içi mebellə təchiz olunmuş 124 kvadratmetrlik mənzil veriləcək. O, bunun üçün şəhid ailəsindən 50 min manat pul alıb.

Bundan başqa, M.Murtuzov M.Şahvələdqızının qızını Polis Akademiyasına düzəltmək adı ilə ondan 10 min manat pul alıb, lakin o, verdiyi vədlərə əməl etməyib.

M.Murtuzov M.Şahvələdqızından ümumilikdə 66 min 500 manat pul alıb. Zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra M.Murtuzov həmin pullardan zərərçəkmişə 63 min manat qaytarıb.

M.Murtuzov Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4-cü (iştirakçılığın növləri, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 70 və 70.3 maddəsinə əsasən M.Murtuzov şərti azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi