Səfərbərliyə cəlb olunan vəkillərin ailələrinə hər ay 500 manat ödəniləcək

Səfərbərliyə cəlb olunan vəkillərin ailələrinə hər ay 500 manat ödəniləcək Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
Hadisə
939
24 Dekabr , 2020 16:51
Səfərbərliyə cəlb olunan vəkillərin ailələrinə hər ay 500 manat ödəniləcək

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

“Report” xəbər verir ki, onlayn tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclasın 2020-ci il Rəyasət Heyətinin sonuncu toplantısı olduğunu qeyd edib.

İclasda dekabrın 28-də Azərbaycan Respublikasında Vəkil Gününün peşə bayramı kimi qeyd olunması ilə bağlı bəzi məsələlər Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırılıb. Vəkillər Kollegiyasının onlayn konfransının təşkili barədə məlumat verib və yığıncağın təşkili üçün komissiyanın yaradılması qərara alınıb.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib. Həmçinin yeni vəkil bürosunun təsis olunması və sair müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Rəyasət Heyətinin Vətən müharibəsi ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərin tərxis olunanadək onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyəsi, o cümlədən həmin vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul etdiyi diqqətə çatdırılıb. İclasda 28 dekabr - peşə bayramı münasibətilə həmin yeddi vəkilin “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunması və ailələrinə əlavə daha 500 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin 2021-ci il yanvarın 18-i saat 00:00-dək uzadılmasını nəzərə alaraq Vəkillər Kollegiyasının üzvləri 2021-ci ilin yanvar ayı üzrə də Vəkillər Kollegiyasına ödəməli olduqları üzvlük haqqından azad olunması barədə qərar qəbul olunub.

Qeyd edək ki, vəkillər cari ilin iyul və dekabr aylarında da üzvlük haqqından azad olunublar. O cümlədən COVID-19 virusuna yoluxmuş və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Daha sonra Bakıda və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiqlənib.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

Son xəbərlər

Orphus sistemi