Yuxarı

Səfər Əbiyevin müavininin məhkəməsi keçirilib

Növbəti prosesdə Müdafiə Nazirliyinin iki əməkdaşı ifadə verəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyev ifadə verib.

M.Həsənov ifadəsində bildirib ki, M.Səlimov ona məxsus olan firmadan tikinti materialları alıb: "Bizim firma dəmir işi ilə məşğul olur. Həmin dövdə Mehman Səlimov tikinti mallarını bizdən alırdı. Pul ödəmələrini isə "Texnikabank" vasitəsi ilə həll edirdik".

M.Səlimov M.Həsənova məxsus olan firmadan tikinti materialı aldığını təsdiqləyib: "Düzdür, bir dəfə həmin firmadan armatur və "katinka" məftil almışam".

Növbəti prosesdə hazırda səhhətində problem olan İlham Məmmədov və Müdafiə Nazirliyinin iki əməkdaşı ifadə verəcək.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi