Yuxarı

Səfər Əbiyevin müavininin məhkəməsində Müdafiə Nazirliyinin əməkdaşları ifadə verib

Onun işlərində yubanmalar var idi

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər Hafiz Əliyev və Elçin Mehdiyev ifadə verib.

2009-2013-cü illərdə Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsininin rəisi vəzifəsində çalışan H.Əliyev ifadəsində bildirib ki, M.Səlimovun gördüyü işlərdə yubanmalar olub: "Həmin dövrdə Mehman Səlimov yaşayış binası, əsgər yataqxanası, əsgər yeməkxanası, su xətti və qazanxanaların tikintisi ilə məşğul olurdu. Onun işlərində yubanmalar var idi. Bu barədə mənə nazirlikdən şifahi və yazılı xəbərdarlıq edirdilər. Mehman Səlimov mənə çətinliklərinin olduğunu deyirdi. Fikrimcə, Mehman Səlimov dövlətin ayırdığı vəsaiti mənimsəməyib. O, ayrılan pulları tikinti işlərinə sərf edib. Mehman Səlimova əlavə pul verilməyib. Yalnız Mehman Səlimovun gördüyü işlərə görə pul verilib".

MN-in Maliyyə Xidmətinin sabiq işçisi olan E.Mehdiyev ifadəsində deyib ki, M.Səlimovun apardığı tikinti işlərə vəsaiti Maliyyə Nazirliyi ayırıb.

Məhkəmədə o da qeyd olunub ki, ifadə verən hər iki şəxs hazırda Müdafiə Nazirliyi sistemində başqa vəzifələrdə işləyir.

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi