Yuxarı

Səfər Əbiyevin keçmiş müavini: "İş gördük, qarşılığında pulumuzu ala bilmədik"

Məhkəmədə Müdafiə Nazirliyinin bölmə rəisi dindirilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid Nəriman Niftəliyev ifadə verib.

Müdafiə Nazirliyində Layihə Smeta Bölməsinin rəisi N.Niftəliyev dindirilən zaman M.Səlimovla 2007-ci ildən işlə əlaqədar tanış olduğunu bildirib: "2007-ci ildə nazirliyin Mənzil İstismar Tikinti Şöbəsində baş mühəndis idim. Elə həmin ildən Mehman müəllimlə yaxından tanışlığımız oldu. Biz tikinti layihələrinin eskizlərini hazırlayıb Əsaslı Tikinti və İstismar Şöbəsinə göndərirdik. Orada isə Mehman Səlimovla müqavilə bağlanırdı. Bir sözlə, mən Mehman müəllimə bu işlə əlaqədar köməklik edirdim. O, hərbi hissələr üçün nəzərdə tutulan 3 binada təmir işləri, 4 binada isə tikinti işləri apardı".

Mehman Səlimov hərbi kompleks binasının damının külək aparmasından sonra təmir işləri apardığını deyib. Lakin bunun müqabilində heç bir məvacibin verilmədiyini əlavə edib: "Binanın damını təmir etdik, qarşılığında pulumuzu ala bilmədik".

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə müdafiə naziri Səfər Əbiyevin müavini olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi