Bakı. 26 yanvar. REPORT.AZ/ Sankt-Peterburqun Primorski rayon məhkəməsi 29 yaşlı Azərbaycan vətəndaşına hücum etməkdə ittiham olunan Özbəkistandan olan miqrantların - Xurşed Haydarov, Şerzov Qədirov və Vohid Kamolovun martın 4-dək həbsdə saxlanılması barədə hökm çıxarıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə bu il yanvarın 4-də baş verib. İstintaqın versiyasına görə, üç şübhəli şəxs Azərbaycan vətəndaşını döyüb, maşına salaraq Vsevolojsk rayonuna aparıb və orada yenidən döydükdən sonra onu yolun kənarına atıblar. Yoldan keçən bağban zərərçəkəni görüb və təcili-tibbi yardım çağırıb. Buna baxmayaraq döyülən şəxs sonra xəstəxanada keçinib.
Saxlanılanlardan biri - V.Kamolov məhkəmə qarşısına çıxmaq istəmədiyindən polis kamerasında intihara cəhd göstərib. Amma intihar cəhdinin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib. Hakim pasientə həbs olunduğunu elan etmək üçün şəxsən xəstəxanaya gedib.