Şamaxıda itə görə həmkarını qətlə yetirən çoban: "Günah onda idi"

Şamaxıda itə görə həmkarını qətlə yetirən çoban: "Günah onda idi" Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
21 Sentyabr , 2018 12:58
Şamaxıda itə görə həmkarını qətlə yetirən çoban: Günah onda idi

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə N.Binyətov özünü qismən təqsirli bildiyini söyləyib.

O, günahın ölən şəxsdə olduğunu deyib: "Mən mərhumu xüsusi amansızlıqla öldürməmişəm. Zaur da bizim yaşadığımız kəndə gələrək heyvandarlıqla məşğul olurdu. O, hadisədən əvvəl içkili idi və söyüş söyürdü. Zaur qapıya gəlib ana-bacı söyüşü söydü, 3-4 dəfə də təkrar etdi. Mən də onu vurdum".

Daha sonra suallara cavab verən N.Binyətov mərhum Zaur Hacıyevin itinə, qoynuna daş atmadığını, ona söyüş söymədiyini bildirib.

Prokurorun suallarından məlum olub ki, N.Binyətovun qardaşı ilə mərhum arasında daha əvvəllər mübahisələr olub. Sonuncu mübahisədə N.Binyətov da orada olub və qardaşının döyüldüyünü eşidib. Növbəti mübahisədə isə qanlı cinayət baş verib.

Xatırladaq ki, hadisə Şamaxı rayonunun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşğul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən çoban Z.Hacıyevin iti N.Binyətovun itini parçalayaraq öldürüb.

Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Sonradan hər iki çoban arasında mübahisə yaranıb və N.Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Z.Hacıyevə 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi