Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elton Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
“Report” xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 23-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Şamaxı rayonu ərazisində baş verib. Rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Hüseynova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.