Bakı
"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror B.Həsənovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Babək Həsənov son sözündə əməlindən peşman olduğunu deyib. O bildirib ki, mərhumu öldürmək istəməyib: "Onu söyüş üstündə vurmuşam, amma öldürmək istəmirdim. Özüm də gedib polisə təslim oldum. Bilsəydim ki, ölüb, heç polisə də getməzdim".
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, B.Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmün elanından sonra məhkəmədə gərginlik yaranıb. Qətlə yetirilən Aydın Seyidovun yaxınları Babəkə ömürlük cəza istəyib. Mərhumun anası deyib ki, oğlu söyüş söyən olmayıb. O, gəlininin hamilə olduğunu, Babəkə verilən cəzanın az olduğunu deyib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıtda baş verib. B.Həsənov münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Aydın Seyidovu qətlə yetirib. Tərəflər arasında yaranan mübahisəyə Tibb kollecinin arxasında olan çayxanada Aydının Babəkə salam verməməsi olub. Onlar mübahisələrini çayxananın arxasında davam etdiriblər və Babək Həsənov ucu kəsici-deşici olan alətlə Aydını vuraraq öldürüb.
Şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilən Babək Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.
B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.