Yuxarı

Şair Saday Şəkərovun məhkəmə vəsatətinə baxılacaq tarix açıqlanıb

Vəsatətə hakim Rəşad Əliyevin sədrliyi ilə Binəqədi Rayon Məhkəməsində baxılacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Həbsdə olan şair Saday Şəkərov haqda seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə vəsatətinə baxılacaq tarix açıqlanıb.

Bu barədə “Report”a S.Şəkərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, vəsatətə hakim Rəşad Əliyevin sədrliyi ilə Binəqədi Rayon Məhkəməsində yanvarın 29-da baxılacaq.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi