Yuxarı

Şair Saday Şəkərliyə hökm oxunub

O, 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov müdafiə çıxışı ediblər.

Vəkillər S.Şəkərlinin əməlində cinayət tərkibinin olmadığını deyərək, onun barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Daha sonra S.Şəkərli son sözlə çıxış edib. O, ittihamlarla qəti şəkildə razılaşmadığını deyib.

Hakimlər müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub.

Məhkəmənin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Şəkərlinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi