​Şair Saday Şəkərlinin məhkəməsi başlayıb

​Şair Saday Şəkərlinin məhkəməsi başlayıb Onun vəsatətlərindən biri təmin edilib
Hadisə
28 Mart , 2016 10:39
​Şair Saday Şəkərlinin məhkəməsi başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.Şəkərlinin vəkili Bəhruz Bayramov üç vəsatətlə çıxış edib. O, S.Şəkərli barəsində cinayət işinə xitam verilməsini, onun ev dustaqlığına buraxılmasını və telefon danışıqlarının çıxarılmasını xahiş edib. Sonuncu vəsatət təmin edilib.

Məhkəmənin baxış iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi