Yuxarı

Prokuror Saday Şəkərlinin ittiham olunduğu maddənin dəyişdirilməsini istəyib

Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib

Bakı. 20 iyul. REPORT.AZ Bu gün Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə S.Şəkərlinin vəkilləri Bəhruz Bayramov və Fəxrəddin Mehdiyev çıxış edib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror S.Şəkərli barəsində irəli sürülən ittihamı Cinayət Məcəlləsinin 182.4-cü maddəyə tövsif olunmasını istəyib.

Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şairin müdafiəçiləri B.Bayramov və Fəxrəddin Mehdiyev apellyasiya şikayəti verib. Şikayətdə S.Şəkərliyə bəraət verilməsi istənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi