Şahin Sultanovun məhkəməsi təxirə salınıb

Şahin Sultanovun məhkəməsi təxirə salınıb Təqsirləndirilən Əli Allahverdiyevin məhkəməyə gəlmədiyi elan olunub
Hadisə
24 Fevral , 2017 13:43
Şahin Sultanovun məhkəməsi təxirə salınıb

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Allahverdiyevin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, Ə.Allahverdiyevin nənəsi rəhmətə gedib, lakin o, bununla bağlı məhkəməyə heç bir arayış təqdim etməyib.

Proses martın 3-dək təxirə salınıb.

Xatırladaq ki, dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi