​"Sahil" bağında baş verən ölüm hadisəsinə görə həkim öz həmkarlarını ittiham edib

​"Sahil" bağında baş verən ölüm hadisəsinə görə həkim öz həmkarlarını ittiham edib "Hər kəs onun yaralı halına baxırdı"
Hadisə
27 Oktyabr , 2015 14:13
​Sahil bağında baş verən ölüm hadisəsinə görə həkim öz həmkarlarını ittiham edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər Zahid Əkbərov və Mənsurə Rəsulzadə ifadə verib.

"Sahil" bağı ərazisində yerləşən köşkdə satıcı işləyən Z.Əkbərov dünyasını dəyişən Həsən Həsənovu orada tez-tez gördüyünü deyib: "Elçini tanımıram. Həsəni isə həmişə köşkün yanında görürdüm. O, əlində it gəzdirirdi. Hadisə günü Həsənin yanında qara iti deyil, balaca it var idi. Mən onun vurulduğu ana şahidlik etməmişəm. Həsən vurulandan sonra köşkə yaxınlaşdı. Daha sonra yerə yıxıldı və öldü".

M.Rəsulzadə ifadəsində bildirib ki, H.Həsənov yaralı vəziyyətdə olan zaman həkimlər ona lazımi köməklik göstərməyib: "Mən hadisə yerinə gələndə artıq Həsən vurulmuşdu. Özüm Təcili Tibbi Yardım Stansiyasında işləyirəm. Həmin gün işdən çıxıb evə gedirdim. Təsadüfən "Sahil" bağından keçirdim. Həsənin yerdə uzandığını görüb ona həkim kimi yaxınlaşdım. İnsanlıq borcumu yerinə yetirmək istədim. Həsənin yanına çatanda o, hələ sağ idi. Hər kəs onun yaralı halına baxırdı. Ona köməklik göstərən yox idi. Həsənin ürəyinin üst tərəfində balaca yara izi var idi. Həkimlərə yaxınlaşdım ki, "niyə durub baxırsız?!" Onlar Həsənə elektroşok verdilər. Lakin artıq gec idi. Mənə də maraqlı idi ki, həkimlər niyə durub ona baxırdılar? Axı, ona kömək edə bilərdilər. Burada insan canından söhbət gedir.

Daha sonra köşk sahibinə yaxınlaşıb nə baş verdiyini soruşdum. Heç kəs bir cavab vermədi. Hadisənin səhərsi günü Həsənin ölüm xəbəri televizorda göstəriləndə, onunla bir məhəllədə qaldığımı xatırladım. Lakin hadisə zamanı şok olduğum üçün onu tanıya bilməmişdim. İnternetdə Həsənin şəkillərinə baxdım. Hadisə zamanı onun sinəsində dəlik əmələ gəlmişdi. İlkin şəkildə isə belə deyildi".

Təqsirləndirilən şəxs E.Çobanovun müdafiəçisi vəsatət qaldırıb. O, hadisə ilə bağlı ekspertizada rəy verən ekspertlərin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmadan saxlanılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi