Şahdağ Milli Parkının əməkdaşı döyülüb

Şahdağ Milli Parkının əməkdaşı döyülüb Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tədbirlər görür
Hadisə
29 İyun , 2016 09:46
Şahdağ Milli Parkının əməkdaşı döyülüb

Bakı. 29 iyun. REPORT.AZ/ Şahdağ Milli Parkının əməkdaşı parkın ərazisinə qanunsuz daxil olan 4 şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, şəxsiyyətləri məlum olmayan 4 nəfər 90-VN-103 dövlət nömrə nişanlı VAZ markalı avtomaşınla milli parkın ərazisinə qanunsuz daxil olaraq meşə ərazisində tonqal qalamağa cəhd göstərib.

Məlumata görə, Şahdağ Milli Parkının Şamaxı bölməsinin meşəlik ərazisinə cavabdeh olan Fərhad Cəlilov onlara, meşədə tonqal qalamağın qanuna zidd və təhlükəli olduğunu, milli parka qanunsuz daxil olduqlarını izah edib və meşə sahəsindən çıxmaları barədə xəbərdarlıq edib: "Lakin qanun pozucuları milli parkın əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiq göstərməklə baş nahiyəsinə xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Müvafiq həkim yardımı alınması və ekspert qiymətləndirilməsi məqsədilə Fərhad Cəlilov tərəfindən Şamaxı rayon xəstəxanasına müraciət edilib".

Nazirlikdən bildirilib ki, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və aidiyyəti üzrə polis orqanına məlumat verilib. Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Məlumata görə. təbiət mühafizəçilərinə qarşı bu cür insidentlər dəfələrlə müşahidə olunub, təbiətə qanunsuz müdaxilələrin qarşısı ETSN-in əməkdaşlarının həyatı bahasına alınıb, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərib: "Nazirlik təəssüflə bildirir ki, bəzi vətəndaşların təbiətdəki bu cür ehtiyatsız və məsuliyyətsiz davranışları meşələrin və yaşıllıq sahələrinin yanaraq məhv olmasına gətirib çıxarmaqla yanaşı Nazirlik əməkdaşlarının həyatına da təhlükə yaradır. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə, təbiət mühafizəçilərinə qarşı belə məsuliyyətsiz hərəkətləri qınayır və bu cür halların baş verməməsi üçün qanunlara riayət olunmasını, təbiətə qarşı daha qayğılı yanaşmağı tövsiyə edir, əhalini təbiətə ziyan vurmaqla müşayiət olunan istirahətdən imtina etməyə, təbiətə qarşı yönəlmiş qanunsuz hərəkət və fəaliyyətlərdən çəkinməyə çağırır".

Son xəbərlər

Orphus sistemi