Bakı. 14 iyul. REPORT.AZ/ Vətəndaşlara məxsus şəxsi təssərrüfatlardan iri və xırda buynuzlu mal-qara oğurlayan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən "Report"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.
Saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təssərrüfadan ümumi dəyəri 25 min manatdan artıq olan 20 iri buynuzlu mal-qara oğurladıqları məlum olub.
Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.