Sabiq polis əməkdaşının həyat yoldaşı məhkəmədə ifadə verib: "İstintaq dövründə 10-12 saat ifadə vermişəm"

Sabiq polis əməkdaşının həyat yoldaşı məhkəmədə ifadə verib: "İstintaq dövründə 10-12 saat ifadə vermişəm" Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib
Hadisə
28 Mart , 2017 17:44
Sabiq polis əməkdaşının həyat yoldaşı məhkəmədə ifadə verib: İstintaq dövründə 10-12 saat ifadə vermişəm
Report

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin həyat yoldaşı Zəminə ƏIiyeva ifadə verib.

O, hadisə baş verən gecə haqda danışıb: "Həmin gün Samir keçmiş həyat yoldaşı ilə birgə nikahdan olan övladlarını evə gətirmişdi. Onlar əvvəl çöldə bir yerdə oynayırdılar, mən balaca oğlumla evdə idim. Sonra uşaqların hamısı bir yerdə oynadı. Saat 11:00 radələrində o, uşaqlarla birgə evə qayıtdı. Samir və uşaqlar birgə şahmat oynayan zaman ev ona isti olduğu üçün həyat yoldaşım kondisioneri yandırmaq istədi. Mən buna etiraz etdim, çünkü kiçik oğlum xəstə idi. Samir çölə çıxıb maşında oturub, kondisioneri yandıracağını dedi. Biz birinci mərtəbədə qalırıq və o, həmişə maşını həyətdə pəncərənin yanıda saxlayırdı. Mən də uşaqlarla evdə qalıb oynadım. Amma tez-tez pəncərədən baxanda Samiri maşında oturub, telefonda oyun oynadığını görürdüm Hətta o, tez-tez evə girib-çıxırdı".

Z.Əliyeva ittiham aktı ilə razı olmadığını, istintaq zamanı verdiyi ifadəsinin dəyişdirildiyini söyləyib: "İttiham aktında göstərilib ki, guya mən onu görməmişəm. Lakin həmin zaman Samir bir nəfər şəxslə söhbət etdiyini qeyd etmişəm".

Daha sonra Z.Əliyeva dövlət ittihamçısının suallarını cavablandırıb. O, dəfələrlə istintaqda ifadə verdiyini deyib: "İstintaq dövründə 10-12 saat ifadə vermişəm. Həmin ifadələrimi cırıb atıblar, mənə təziqlər göstərilib. Hətta qətli mənim sifariş verdiyimi deyirdilər".

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Xatırladaq ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi