Bakı. 7 noyabr.
"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sədaqət İsmayılova ifadə verib.
O bildirib ki, təqsirləndirilən V.Güləlinin evində qalıb: "Həmin vaxt evdə xəstə idim. Vüqar deyirdi ki, bir nəfərdən 87 min manat pul alıb, lakin onun adını açıqlamaq istəmədi. Bir müddət keçəndən sonra bu adama pul verən şəxslər gəldi və Vüqar etiraf etdi ki, 147 min manat pul alıb".
V.Güləli isə şahidin yalan danışdığını deyib. O söyləyib ki, şahid S.İsmayılova digər təqsirləndirilən V.Əsədovun qohumudur.
V.Əsədov da S.İsmayılova ilə qohum olduğunu təsdiqləyib.
Daha sonra vəkil Günay Hacıyeva vəsatət qaldırıb. O, Nicat Məmmişovun əlavə şahid qismində dindirilməsini istəyib.
Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.
Qeyd edək ki, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər. C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
.Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovnikidir. V.Əsədov isə Pentensiar Xidmətini sabiq əməkdaşı vəzifsində çalışıb.