Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Diləfruz Mustafayeva cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə D.Mustafayevanın barəsində 2 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, D.Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.
Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimələri olub.
O, öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimələrin maaşından tutmağa başlayıb.
Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimələr əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Daha sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməllərinə araşdırıldıqdan sonra onun barəsində 15 iyul 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi başlanılıb, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bundan başqa, D.Mustafayevanın barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi başlanılıb. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
D.Mustafayeva məhkəmə istintaqı zamanı bildirib ki, barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.