Yuxarı

Sabiq icra başçısının qohumunun məhkəməsi: BŞİH əməkdaşı barəsində cinayət işi başlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elsevər Rufullayev ifadə verib.

O bildirib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc Rzayevə müraciət edib: "Oruc da tanışı İlham Məlikova dedi. Birlikdə Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, 90 min və 60 min manat pul istədi. Sonra tikinti aparmaq üçün 40 min manata razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz çəkib, verdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib mənə vermişdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı. Çünki bu işlərdən başım çıxmırdı".

E.Rufullayev qeyd edib ki, X.Məmmədov ondan daha 5 min manat pul istəyib: "Xalid dedi ki, 5 min manat da versəm, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ilə söhbəti həll edəcək. Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldandığımı bildim".

Daha sonra hakimin suallarını cavablandıran X.Məmmədov E.Rufullayevin onun yanına tikinti işləri aparmaq üçün gəldiyini təsdiqləyib: "İlhamın tanışı idi deyə, qəbul etdim, sonra Qaçaya zəng elədim, həmin şəxsləri onun yanına göndərdim. Düzdü, bu mənim səlahiyyətimdə olan bir iş deyildi. Mən də bunu İlhama görə etdim. Elsevər daha əvvəl icra hakimiyyətinə müraciət etməmişdi".

X.Məmmədov E.Rufullayevdən 40 min manat pul almadığını söyləyib: "Ondan pul almamışam. Ümumiyyətlə, aramızda pul söhbəti olmayıb. Düzdü, aramızda telefon danışıqları olub".

Hakim bildirib ki, cinayət işində X.Məmmədovla E.Rufullayev arasında çoxlu sayda telefon danışıqları var.

Təqsirləndirilən şəxs bildirib ki, tikinti işi dayandırılan zaman Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə danışıb: "O dedi ki, Elsevər Rufullayevin torpağının sənədi saxtadır".

Məhkəmədə elan olunub ki, həmin sənədə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin adından saxta imza atılıb: "Onlar keçmiş başçının imzası ilə saxta səhəd hazırlayıblar".

Hakim X.Məmmədova suallar verən zaman deyib ki, cinayət işində adı keçən E.Rufullayev, İlham Məlikov, Oruc Rzayev və Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi