Sabiq direktor: "Leyla Şıxlinskayanın klinikadakı maliyyə məsələlərindən xəbəri olub"

Sabiq direktor: "Leyla Şıxlinskayanın klinikadakı maliyyə məsələlərindən xəbəri olub" Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib
Hadisə
14 Mart , 2018 13:15
Sabiq direktor: Leyla Şıxlinskayanın klinikadakı maliyyə məsələlərindən xəbəri olub

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Yeganə Şahnəzərova ifadə verib.

O, "Leyla Şıxlinskaya" klinikasında iki dəfə müalicə aldığını, qohumlarının kassaya ödəniş etdiyini deyib.

Daha sonra Yelena Smirnova da şahid qismində dindirilib. O, "Leyla Şıxlinskaya" klinikasında növbətçi həkim vəzifəsində çalışdığını bildirib: "Mən gecələr işləyirdim. Gecəyə 50 manat, bayram günlərində isə 70 manat alırdım. Pulu mənə kassadan verirdilər".

Digər şahidlər Qalib Hüseynov, Həmid Hətəmov ifadə veriblər. Onların sözlərinə görə, "Leyla Şıxlinskaya" klinikasında yaxınları əməliyyat olunub, kassaya ödəniş edilib.

Şahid Sevda Əlizadə dindirilərkən söyləyib ki, "Leyla Şıxlinskaya" klinikasında baş həkimin müavini və direktor kimi çalışıb: "2015-ci ildən orada çalışmıram. Klinikaya işə gələndə Leyla xanım mənimlə şərt kəsdi ki, mən maliyyə məsələlərinə qarışmayım, işim ancaq müalicə ilə bağlı olub. Əmək haqqımın bir hissəsini kartla, bir hissəsini isə kassasdan almışam".

O bildirib ki, Leyla Şıxlinskayanın klinikadakı maliyyə məsələlərindən xəbəri olub: "Maliyyə işlərinə özü nəzarət edirdi. Klinikada hər hansı fırıldağın olub-olmadığını da deyə bilmərəm".

Məhkəmənin növbəti iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zaman Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.

S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.

A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.

M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.

Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.

Orphus sistemi