Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs: "Gücüm çatmadı deyə bıçaqladım"

Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs: "Gücüm çatmadı deyə bıçaqladım" Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 Noyabr , 2017 16:46
Sumqayıtda qətl törətməkdə təqsirləndirilən şəxs: Gücüm çatmadı deyə bıçaqladım

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib.

T.Sadıqov özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsi zamanı söyləyib ki, qətlə yetirdiyi şəxslə hadisədən bir gün əvvəl görüşüblər: "Məndən üzr istədi, səhv etdiyini dedi. Bağladıq söhbəti. Gecə yenə zəng etdi ki, gəl görüşək. Vüsalə qoymadı getməyə. Səhər yenə zəng elədi. Bildirdi ki, "gəl görüşək". Ona görüşə gəlməyəcəyimi söyləyəndə, söyüş söydü. Mən də görüşə getdim. Əvvəl mübahisə edib, əlbəyaxa olduq. Mərhum Taleh məndən fiziki cəhətdən çox güclü idi. Bıçağı cibimdən çıxarıb onu qorxutmaq istədim. Gücüm çatmadı deyə bıçaqla Talehi vurdum. Bu zaman bıçaq yarasından qan gəldi. Maykamı cırıb yarasını bağladım və oradan uzaqlaşdım".

T.Sadıqov qeyd edib ki, Taleh Babazadəni öldürmək niyyəti olmayıb: "Vüsaləni çoxdan tanıyırdım. Talehlə onların arasında olan söhbəti sonra bilmişəm. O, mənə telefonda söyüş söymüşdü. Bu barədə səs yazısına qulaq asmışam. Həmin söyüşləri burada deyə bilmərəm. Görüşə getməkdə məqsədim isə Vüsalə ilə aralarında olan məsələni öyrənmək və söhbətə son qoymaq istəyirdim. Talehlə ilk görüşümüzdən sonra ikinci dəfə məni məcbur elədi ki, "gəl görüşək". Mən də görüşə getdim".

Qeyd edək ki, hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini T.Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

T.Sadıqov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi