Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
R.Rzayevin vəkili Səlahəddin Cəfərov "Report"a bildirib ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə digər təqsirləndirilən T.İbrahimlinin vəkili Əziz Qənbərovun məhkəmə iclasına gəlmədiyi elan olunub.
Proses aprelin 17-dək təxirə salınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.