Rüşvət almaqda təqsirləndirilən həkimin cinayət işinin icraatı dayandırılıb

Rüşvət almaqda təqsirləndirilən həkimin cinayət işinin icraatı dayandırılıb Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
7 Oktyabr , 2017 11:58
Rüşvət almaqda təqsirləndirilən həkimin cinayət işinin icraatı dayandırılıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə icraatın dayandırılması barədə qərar çıxarıb.

Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi H.Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

H.Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

M.Şamçiyevanın barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Onun barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib. Həbsd olan H.Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi