Bakı. 12 sentyabr. REPORT.AZ/ Rusiyanın Novqorod şəhərinin rayon məhkəməsi həmvətənlərinin Rusiyada qanunsuz qalmasını təşkil etməkdə təqsirli bilinən azərbaycanlılara qarşı cinayət işi üzrə ittiham hökmü çıxarıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Belə ki, Pənah Rzayev, Rəşad Quliyev, Sabit Məhərrəmov, eləcə də Viktoriya Muşkatova bu cinayətin törədilməsində təqsirlərini tam etiraf ediblər.
Məhkəmə zamanı müəyyən edilib ki, müttəhimlər 2017-ci ilin may-iyul aylarında dörd Azərbaycan vətəndaşı üçün novqorodlu qadınla saxta nikah, onların Velikiy Novqorodda yaşayış yeri üzrə qeydiyyata düşməsini və Rusiyada müvəqqəti yaşamaq üçün icazə almasını təşkil edib.
Göstərilən xidmətlər qarşılığında Azərbaycan vətəndaşları qanunu pozanlara, təxminən, 150 min rubl (3610 manat) məbləğində pul ödəyib.
Məhkəmənin qərarı ilə P.Rzayev və S.Məhərrəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə müvafiq olaraq 2 il və 1 il 9 ay müddətinə, R.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2,5 il müddətinə, V.Muşkatova isə 2 il sınaq müddəti olmaqla 2 illik azadlıqdan məhrum edilib.