Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın Novosibirsk şəhərində Lenin Rayon Məhkəməsi ötən ilin sonunda 34 yaşlı iş adamını qaçıran 51 yaşlı azərbaycanlıya hökm çıxarıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
İstintaq nəticəsində müəyyən edilib ki, azərbaycanlı ciddi maddi sıxıntılar keçirib və oyun avtomatlarına aludəçiliyinə görə onun böyük məbləğdə borcu olub. O, borclarını ödəmək üçün keçmiş işəgötürənini qaçırmaq qərarına gəlib. Amma onun bu iş üçün tutduğu şəxslər polisin operativ əməliyyat qrupunun üzvləri olub.
Polis əməliyyat eksperimenti çərçivəsində çıxış edərək biznesmenin qaçırılmasını təşkil edib. Bundan sonra sifarişçi qurbandan 5 milyon rubl tələb edib.
Sorğu zamanı saxlanılan şəxs təqsirini etiraf edib. O, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb.
Məhkəmənin hökmü ilə vətəndaş təqsirkar bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.