Yuxarı

​Rusiyada azərbaycanlının intihar etməsi ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

Hadisə istintaq təcridxanasında baş verib

Bakı. 15 mart. REPORT.AZ/ Rusiya prokurorluğu Azərbaycan vətəndaşının intihar etməsindən sonra 2 saylı İstintaq Təcridxanasında yoxlama aparıb, 7 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı TASS-a Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Nəzarət İdarəsinin məlumatına görə, Moskva prokurorluğu Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin paytaxt üzrə İdarəsinin 2 saylı İstintaq Təcridxanası federal dövlət müəssisəsində saxlanılan və bir sıra zorakılıq əməllərinə görə ittiham olunan 50 yaşlı Azərbaycan Respublikası vətəndaşının intihar etməsinin səbəblərini araşdırıb.

"Məlum olub ki, kişi həbsdə saxlanılan zaman "Cinayət törətməkdə şübhəli bilinən və ittiham olunan şəxslərin həbsdə saxlanılması haqqında" Federal Qanunun 34-cü maddəsinin tələbləri, həmçinin məcburi saxlanma yerlərində həbs olunan şəxsə nəzarət və onun mühafizə olunması haqqında müəssisə normativ aktları kobud şəkildə pozulub. Şəhər prokurorluğu yoxlamaların nəticəsinə əsasən, sözügedən müəssisə rəhbərliyinə aşkar olunan qanun pozuntularının aradan qaldırılması, həmçinin günahkar vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına dair göstəriş verib. Göstərişə baxılıb", - deyə məlumatda bildirilir.

Məlumatda hadisənin nə zaman baş verdiyi qeyd olunmayıb. Bildirilib ki, prokurorluğun tələbləri tam həcmdə yerinə yetirilib, istintaq təcridxanasının 7 vəzifəli şəxsi ciddi intizam məsuliyyətinə cəlb olunub. Onlardan dörd nəfərinə vəzifəyə tam uyğun olmamasına dair xəbərdarlıq edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi