Bakı. 1 sentyabr. REPORT.AZ/ Rusiyanın Kalininqrad vəlayətinin Quryevski rayonunda Azərbaycan Respublikasının vətəndaşı polis məmuruna rüşvət verməyə cəhd etdiyi üçün həbs cəzasına məhkum edilib.
"Report" xəbər verir ki, bu barədə Quryevski rayon məhkəməsinin mətbuat xidmətindən bildiriblər.
Məlum olub ki, vətəndaşımız Rusiya ərazisində qanunsuz şəkildə yaşayıb. 2016-cı il may ayının 24-də sahə polis müvəkkili həmin şəxsi inzibati qanun pozuntusuna görə, protokol tərtib etmək və məsuliyyətə cəlb etmək üçün onu polis bölməsinə dəvət edib.
Azərbaycan vətəndaşı da cəzadan qaçmaq üçün sahə polis müvəkkilləri və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin rəisinə əvvəlcədən vəd verdiyi rüşvətin bir hissəsini - 5000 rubl verib. Əvvəlcədən razılaşdırılmış rüşvətin məbləği isə 50000 rubl olmali idi.
Belədə polis məmuru ona verilən bu pulu götürməkdən imtina edib. Rüşvəti təqdim edən qanunsuz miqrant saxlanılıb, pullar müsadirə olunub.
Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi - vəzifəli şəxsə rüşvət vermək üzrə mühakimə olunub. O, 4 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə koloniyasında çəkəcək. Hökm qanuni qüvvəyə minməyib.