Rüfət Səfərovun ev dustaqlığının müddəti üç ay artırılıb

Rüfət Səfərovun ev dustaqlığının müddəti üç ay artırılıb Vəkil vəsatətə etiraz etməyib
Hadisə
4 May , 2016 11:38
Rüfət Səfərovun ev dustaqlığının müddəti üç ay artırılıb

Bakı. 4 may. REPORT. AZ/ Binəqədi Rayon Məhkəməsində hazırda ev dustaqlığında olan sabiq müstəntiq Rüfət Səfərovun barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, özü və R.Səfərov vəsatətə etiraz etməyib.

Məhkəmə istintaq müddətinin 3 ay müddətində artırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.

Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Son xəbərlər

Orphus sistemi