Röya Ayxanın keçmiş həyat yoldaşı məhkəmədə dindirilib - ƏLAVƏ OLUNUB

Röya Ayxanın keçmiş həyat yoldaşı məhkəmədə dindirilib - ƏLAVƏ OLUNUB Anar Cəlilov deyib ki, bankdan kredit götürüb və həmin pulla maşın alıb
Hadisə
25 Yanvar , 2018 16:44
Röya Ayxanın keçmiş həyat yoldaşı məhkəmədə dindirilib - ƏLAVƏ OLUNUB

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.

O bildirib ki, bankdan götürülən kreditlər "Çudo Peçka" mağazalarının açılmasına və üzümçülük sahəsinə xərclənib.

Daha sonra təqsirləndirilən şəxsin oğlu Anar Cəlilov dindirilib. O, ifadəsində işsiz olduğunu deyib: "2006-ci ildə "Bank Standard "dan kredit götürülüb və sonra ödənilib. Bankla münasibətlərimiz yaxşı olub. 2011-ci ildə şirkət bankın adına keçirilib. Mən şəxsən kredit götürmüşəm və həmin pulla maşın almışam. 2006-cı ildə "Bank Standard"a gəlib sənədlərə qol çəkmişəm. Amma bilmirəm hansı sənədlərə qol çəkmişəm. Həmin pulları da görməmişəm".

C.Çəlilov qeyd edib ki, oğlu A.Cəlilov bankda, sadəcə, sənədlərə qol çəkib: "Bu işləri Heydər Babayev və onun arvadı düzüb qoşub. Səlim Kriman da onun tulası kimi pulları götürüb, bizi də bura salıb".

A.Cəlilov söyləyib ki, bankdan 20 milyon manata yaxın kredit götürülüb və 15 milyon manatı isə geri qaytarılıb.

Xatırladaq ki, A.Cəlilov əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı olub.

***

Sonra təqsirləndirilən şəxsin digər oğlu Teymur Cəlilov ifadə verib. T.Cəlilov da qardaşı kimi işləmədiyini vurğulayıb.

Onun sözlərinə görə, 2006-ci ildən bankdan kredit götürülüb, şirkətin inkişafına xərclənib: "Həmin kreditləri də ödəyirdik. Adıma nə qədər kredit götürüldüyünü isə bilmirəm".

Hakim Ç.Cəlilovun digər oğlu Asim Cəlilovun da məhkəmədə şahid qismində ifadə verməsini istəyib.

Ç.Cəlilov isə oğlunun bu cinayət işi ilə heç bir əlaqəsinin olmadığını, onun xaricdə olduğunu qeyd edib.

Hakim isə ittiham aktında A.Cəlilovun adının şahid qismində qeyd edildiyini söyləyib.

Daha sonra şahid qismində Orxan Mahmudov dindirilib. O, "Bank Standard"ın İdarə Heyətinin üzvü olub, hazırda isə Əmanətlərin Sığortanlanması Fondunda işlədiyini bildirib: "İşlədiyim dövrdə şirkətə kredit verilib. Həmin vaxt bankın sabiq rəhbəri Səlim Krimanla Çingiz Cəlilovun yaxın münasibətləri olub".

Məhkəmə prosesi fevralın 1-də davam etdiriləcək. 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Ç.Cəlilovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxsin və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manat kimi qiymətləndirilib və bütün əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Krimanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda o, "İnterpol" xətti ilə axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi