Yuxarı

Açıqlama: “Rövşən Lənkəranski Rusiyada axtarışda olmayıb”

“Bu adam Rusiyada axtarışda hesab edilmirdi”

Bakı. 19 avqust. REPORT.AZ/ "Ötən gün İstanbul şəhərində sui-qəsd nəticəsində həyatını itirən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olmayıb".

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Bizdə - Rusiyada bu adam, axtarışda hesab edilmirdi", - deyə agentliyin həmsöhbəti bildirib.

"RİA "Novosti"nin digər mənbəsi izah edib ki, Lənkəranski operativ uçotda olub, onun xaricdə yaşaması barədə də məlumatlar olub, lakin onu axtarışa, xüsusilə də beynəlxalq axtarışa vermək üçün kifayət qədər əsas olmayıb.

"2013-cü ildə Moskvada Ded Xasan (kriminal avtoritet Aslan Usoyan – red.) güllələnən zaman Lənkəranskinin bu cinayətlə əlaqəli olması barədə məlumatlar ortaya çıxdı. Lakin həmin vaxt həm də digər "qanuni oğrular" barədə də, məsələn Oniani (Taro) və Canqveladze (Suxumski) barədə də məlumat yayılmışdı. Lənkəranskinin Ded Xasan ilə ədavəti var idi, bunu çoxları bilirdi, lakin bu ona qarşı rəsmi ittihamın qaldırılması səviyyəsinə çatmamışdı", - deyə, həmsöhbət bildirib.

İnsident avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində baş verib. R.Lənkəranski şəhərin Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi