“Report”un 5 illik hesabatı: uğurlar və hədəflər - YUBİLEY MƏRASİMİNDƏN REPORTAJ

“Report”un 5 illik hesabatı: uğurlar və hədəflər - YUBİLEY MƏRASİMİNDƏN REPORTAJ Tədbirdə mükafatlandırma mərasimi keçirilib
Hadisə
27 Oktyabr , 2019 13:15
“Report”un 5 illik hesabatı: uğurlar və hədəflər - YUBİLEY MƏRASİMİNDƏN REPORTAJ

“Report” İnformasiya Agentliyinin 5 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. 

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, Milli Məclisin üzvləri Tahir Kərimli, Naqif Həmzəyev, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç, sayt və qəzetlərin baş redaktorları iştirak ediblər.

Əvvəlcə “Report”un 5 illik yubileyi münasibətilə hazırlanan videoçarx nümayiş etdirilib. 

Mərasimi giriş sözü ilə açan “Report” İnformasya Agentliyinin Baş direktoru Anar Əskərov qonaqları salamlayıb və agentliyin 5 illik fəaliyyəti barədə məlumat verib. Baş direktor deyib ki, “Report” ötən dövrdə qarşıya qoyulan məqsədinə nail olub: “Bu gün “Report” İnformasiya Agentliyinin 5 yaşı tamam olur. Bu tədbirdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Beş il bundan öncə qarşımıza qoyduğumuz əsas məqsəd ölkəmizdə cəmiyyət və media üçün əsas istinad mənbəyinə çevrilmək idi. Hesab edirəm ki, 5 il bir brendin reputasiyasını dəyərləndirmək üçün kifayət qədər bir vaxtdır. Apardığımız analitik araşdırmalar və sorğular onu göstərir ki, “Report” İnformasiya Agentliyi olaraq qarşımıza qoyduğumuz bir çox məqsədlərə uğurla nail olmuşuq”.

A.Əskərov vurğulayıb ki, agentliyin qarşısında daha böyük məqsədlər var. “Report”un bir çox uğur formulası var və mən onlardan ən vacibini sizə açıqlamaq istəyirəm: "Bu, “Report” İnformasiya Agentliyinin komandasıdır. Bu illər ərzində formalaşdırdığımız bu möhtəşəm komanda sayəsində biz çox uzun yolu uğurla qət etmişik. Bəlkə də başqa komandalar, başqa insanlar olsaydı, bu yolu gec vaxta qət edərdi. Biz buna çox qısa zamanda nail olduq. Bu səbəbdən fürsətdən istifadə edərək “Report”un bütün əməkdaşlarını təbrik edirəm. Bu, bizim böyük uğurumuzdur. Qarşıda başqa məqsədlərimiz də var. 

Bu ildən etibarən məqsədimiz “Report”u Qafqazda və Avropada xəbər istehsalçısı və beynəlxalq agentlik kimi tanıtmaqdır. Yeri gəlmişkən, qeyd edim ki, noyabrın 1-də Gürcüstanda “Report.ge” saytı - böyük bir komandamız ilə fəaliyyətə başlayacaq. Bu, bizim üçün böyük bir uğur olacaq. Ötən 5 il bizim üçün bir universitet, ali məktəb oldu, beynəlxalq təcrübəmiz isə diplom işi olacaq. Bu məclisə gəldiyiniz üçün hər kəsə bir daha təşəkkür edirəm”.

“Report”un baş redaktoru Murad Əliyev bildirib ki, “Report”un fəaliyyətini şərtləndirən əsas amil Azərbaycanda söz azadlığının təminatı, müstəqil mətbuatın inkişafı üçün yaradılan münbit şəraitdir: “Məhz bu dəstəyə və şəraitə arxalanaraq “Report” komandası Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda, ölkəmizdə həyata keçirilən islahatlarla bağlı ictimaiyyəti məlumatlandırmaqda davam edəcək”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Report”un kollektivini təbrik edib, agentliyin uğurlu fəaliyyəti barədə danışıb.

O diqqətə çatdırıb ki, 5 il “Report”un faəliyyətinin təşkili, strateji hədəfləri, informasiya siyasətinin məyyənləşdirilməsi, həyata keçirilməsi və ümumilikdə, informasiya məkanında oturuşmasının təmin edilməsi üçün çox önəmli, əhəmiyyətli bir dövr hesab olunmalıdır: “Təbii ki, burada agentliyin rəhbərliyinin media orqanının fəaliyyətinin düzgün istiqamətləndirməsi, təşkilatı işlərin düzgün həyata keçirilməsi, jurnalistikanın təməl prinsplərinə dönmədən riayət edərək bu qurumu irəli aparması, eyni zamanda kollektivin peşəkarlığı, fədakarlığı önəmli rol oynayır. Ancaq bununla yanaşı, hər hansı bir informasiya agentliyinin uğur konsepsiyasının təməlində ölkədə mövcud olan demokratik ab-hava, söz azadlığının təmin edilməsi və dövlət tərəfindən medianın inkişafına yaradılmış şərait dayanır. Bunu xüsusi qeyd etmək vacibdir. Azərbaycanda söz və media azadlığının təmin edilməsi, müstəqil medianın inkişafı, bu inkişafa hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin təməlində dayanan əsas prinsiplər olmuşdur. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında bu prinsiplərin ehtiva olunması, sonrakı mərhələdə müvafiq mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, senzuranın ləğvi, medianın üzərindən dövlət nəzarətinin götürülməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar, əlbəttə ki, ümummilli liderin Azərbaycan mediasının inkişafına diqqət və qayğısının bariz nümunəsi idi.

Eyni zamanda, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan mediasının inkişaf istiqamətində atdığı addımlar sözün əsl mənasında təqdirəlayiqdir. Medianın maddi-texniki bazasının gücləndirilməsi, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsinin ənənəyə çevrilməsi, yüzlərlə jurnalistin dövlət mükafatları ilə təltif edilməsi, media nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və digər məsələlər bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev sözün əsl mənasında jurnalistlərin dostudur, o, bu adı qazanıb. Bu siyasətin nəticəsidir ki, bu gün “Report” İnformasiya Agentliyi və digər media orqanları həm Azərbaycanın informasiya məkanına, həm də qlobal informasiya məkanına səs salmağı bacarır, vətənpərvərliyi və peşəkarlığı ilə seçilir, belə demək olarsa, yeni jurnalistikanın formalaşdırılmasında önəmli rol oynayır”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da çıxışında “Report”un kollektivini təbrik edib, agentliyin uğurlu fəaliyyətindən söz açıb: “Report” bizim gözümüzün qabağında yarandı, inkişaf etdi. Bu agentlik 5 il ərzində o qədər geniş fəaliyyət göstərdi ki, doğurdan da “Report” üçün belə bir yubiley mərasiminin keçirməsi tamamilə təbiidir, yerinə düşür. “Report” yarandığı gündən Azərbaycanın informasiya sistemində öncül yeri tutdu. Bu, kifayət qədər diqqət cəlb edən məqamdır. Mən bu yaxınlarda Gürcüstanda ATƏT-in keçirdiyi tədbirdə iştirak edirdim. Həmin vaxt telefonumda “Report”u izləyirdim. Görürdüm ki, bizim çıxışlar operativ olaraq saytda yerləşdirilir. Agentliyin Gürcüstandakı bürosu çox fəal işləyir, gün ərzində Gürcüstan və orada yaşayan azərbaycanlılarla bağlı maraqlı xəbərləri ictimaiyyətə çatdırır. “Report”un yalnız Gürcüstan bürosu bəzi günlər o qədər xəbər verir ki, heç Gürcüstanın yerli agentlik və saytları gün ərzində o qədər informasiya yaymır”.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası uğurlu fəaliyyəti və 5 illik yubileyi münasibətilə “Report” İnformasiya Agentliyini diplomla təltif edib. O, diplomu agentliyin baş redaktoru Murad Əliyevə təqdim edib. 

Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidovun “Report”un kollektivinə ünvanladığı təbrik məktubu oxunub. Məktubu mərasim iştirakçılarının diqqətinə İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev çatdırıb. 

M.Seyidov təbrik məktubunda agentliyin bütovlükdə paytaxt polisinin fəaliyyətinə obyektiv münasibət göstərdiyini qeyd edib, bunu yüksək qiymətləndirdiyini vurğulayıb və 5 illik yubiley münasibətilə “Report”un kollektivini təbrik edib.

Yubiley tədbirində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova “Report”un 5 il ərzində böyük uğurlar qazandığını deyib və agentliyin kollektivini təbrik edib, əməkdaşlara uğurlar arzulayıb.

O bildirib ki, təmsil etdiyi nazirliyin nəzdində olan “Azərpoçt” “Report” İnformasiya Agentliyinin 5 illik yubileyi münasibətilə şəxsləndirilmiş marka tədavülə buraxıb. Nazirlik rəsmisi xüsusi markanı agentliyin baş redaktoruna təqdim edib.  

Daha sonra mükafatlandırma mərasimi keçirilib. 

“Report”un rəhbərliyi agentliyin media sahəsində aparıcı mövqeyə yüksəlməsinə verdikləri töhfəyə görə kollektivi təltif edib. Agentliyin Daxili siyasət şöbəsinin redaktorlarına və əməkdaşlarına mükafatları Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov təqdim edib. 

Xarici siyasət şöbəsinin mükafatlarını deputat Naqif Həmzəyev, İqtisadiyyat şöbəsinin plaketlərini Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov, İdman şöbəsinin mükafatlarını futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi N.Nurçeviç, Bölgə xəbərləri şöbəsinin mükafatlarını BŞBPİ-nin Mətbuat xidmətinin rəisi, polis mayoru E.Hacıyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Anar Qafarov, Multimedia bölməsinin plaketlərini deputat Tahir Kərimli, İnformasiya texnologiyaları şöbəsinin mükafatlarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova, Tərcümə şöbəsinin mükafatlarını Bakı Slavyan Universitetində tərcümə və leksikoqrafia elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Kamran Hacıyev təqdim edib.

Onlar agentliyin əməkdaşlarını 5 illik yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbir konsert proqramı ilə davam edib. Tanınmış müğənnilər səhnəyə çıxaraq mahnılar ifa ediblər.

Son xəbərlər

Orphus sistemi