Yuxarı

Astarada aramsız yağışlar nəticəsində 150-dən çox yaşayış evini su basıb - VİDEO

Suyun səviyyəsi müxtəlif yerlərdə 40-70 santimetr arası dəyişir

Bakı. 9 noyabr. REPORT.AZ/ "İntensiv yağan güclü yağış nəticəsində Astarada 150-dən çox fərdi yaşayış evinin həyətini su basıb". Bunu "Report"a Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Mahmudov deyib. 
A.Mahmudovun sözlərinə görə, son üç gün ərzində rayon ərazisinə aylıq normadan artıq yağıntının düşməsi nəticəsində belə bir vəziyyət yaranıb: "Dağlardan aşağı istiqamətdə axan yağıntı suları şəhərin nisbətən çökək ərazilərində toplanıb. Heydər Əliyev prospekti, Nəriman Nərimanov, Azadlıq küçələri və bu ərazidəki onlarla yaşayış evlərinin sakinləri üçün problemlər yaradıb".
İcra başçısnın müavini qeyd edib ki, həyətlərə dolan suyun səviyyəsi müxtəlif yerlərdə 40-70 sm arası dəyişir: "Sakinlərə zəruri yardımların göstərilməsi istiqamətində tədbirlər görülür. Mümkün olan ərazilərdə həyətlərdən su nasoslarla kənara vurulur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri lazımi tədbirlər görürlər".

Nəriman Nərimanov küçəsinin sakinləri isə "Report" hadisə yerində olan əməkdaşına bildiriblər ki, sel İran tərəfindən gəlib. Onlar qeyd ediblər ki, ərazidən keçən çayda suyun səviyyəsi artıb: "Vaxtında sel sularının qarşısını almaq üçün bəndlər qoyulsaydı və ya çayın aşağıya axın istiqaməti qazılsaydı vəziyyət bu həddə çatmazdı".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi