​Rasim Əliyevin anası: "Oğlumu Cavid Hüseynovla Elşən İsmayılov evdən aldadaraq çıxardılar" - YENİLƏNİB

​Rasim Əliyevin anası: "Oğlumu Cavid Hüseynovla Elşən İsmayılov evdən aldadaraq çıxardılar" - YENİLƏNİB Jurnalistin anası məhkəmədə ifadə verib
Hadisə
21 Yanvar , 2016 13:03
​Rasim Əliyevin anası: Oğlumu Cavid Hüseynovla Elşən İsmayılov evdən aldadaraq çıxardılar - YENİLƏNİB

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Samir Mustafayev və Rasim Əliyevin anası Seyfurə Əliyeva ifadə verib.

Samir Mustafayev ifadəsində digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Tanışım Pərviz mənə dedi ki, Bayıla adamlar gələcək, onları qarşılamaq lazımdır. Pərviz Elşən İsmayılovun qohumudur. Mən Elşən də daxil olmaqla digər təqsirləndirilən şəxsləri tanımırdım. Mən tanımadığım həmin şəxsləri Pərvizin xahişi ilə qarşıladım. "Bayıl Market"in qarşısında bizə bir nəfər yaxınlaşdı. Bizə salam verdi. Dərhal onu döyməyə başladılar. Döyülən şəxs Rasim Əliyev idi. Onu yerdən qaldırdım. O da ayağa duran kimi qaçdı. Camal isə mənə "qaç çıx get" dedi. Rasimi Kənan və mən vurmamışam".

R.Əliyevin anası isə bunları deyib: "Rasimə bir neçə dəfə zəng gəldi. Mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. O, telefonla Cavidə söyüş söyməyib. Cavid ona yenidən zəng vurdu ki, "bibim oğlu səninlə görüşüb çay içmək istəyir". Sonra Elşən İsmayılov zəng vurdu. Rasimi Cavidlə Elşən evdən aldadaraq çıxardılar. Çünki Rasim onunla gülə-gülə danışırdı. Bir qədər sonra eşitdim ki, Rasimi döyüblər. Xəstəxanada ona Babək həkim baxırdı. O dedi ki, "rentgendən keçib, heç bir problemi yoxdur, dörd qabırğası sınıb". Evə gəldim ki, Rasimə paltar aparım. Oğlum zəng vurdu ki, Cavid Hüseynov və "Qəbələ" klubunun meneceri xəstəxanaya gəlib. Rasim Cavidin peşmançılıq hissi keçirdiyini bildirdi. Oğlum dedi ki, əvvəlcə Cavid Elşənin onun bibisi oğlu olduğunu danıb. Bir qədər sonra Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, özününüzü xətəxanaya çatdırın. Xəstəxanada bizi Babək həkim və Saday həkim qarşıladı. Saday həkim Babək həkimə dedi ki, "Rasimin sağ və sol qabırğaları sınıb, niyə mənə bu haqda deməmisiz?" Babək isə həmkarına "məlumat vermişik də..." dedi. Rasim reanimasiya şöbəsində yatırdı. Məni zorla otaqdan çıxartdılar. Səhərə yaxın oğlum keçindi".

Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

Son xəbərlər

Orphus sistemi