Rasim Əliyevin atası: "Oğlumun döyülməsinin təşkilatçısı Cavid Hüseynovdur"

Rasim Əliyevin atası: "Oğlumun döyülməsinin təşkilatçısı Cavid Hüseynovdur" Döyülərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən və orada vəfat edən jurnalist Rasim Əliyevin 40 mərasimi keçirilib
Hadisə
17 Sentyabr , 2015 15:32
Rasim Əliyevin atası: Oğlumun döyülməsinin təşkilatçısı Cavid Hüseynovdur

Bakı. 17 sentyabr. REPORT.AZ/ Döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilən və orada vəfat edən jurnalist Rasim Əliyevin 40 mərasimi keçirilib.

"Report"un məlumatına görə, Rasim Əliyevin atası Məmmədəli Əliyev jurnalistlərə açıqlamasında deyib ki, oğlunun ölümü ilə bağlı aparılan istintaq işinin gedişindən xəbərsizdir: "Bir dəfə öz təşəbbüsümüzlə işi aparan müstəntiqlə görüşdük. Cavid Hüseynova tətbiq olunan maddə isə ağır deyil. Onun azadlığa çıxma ehtimalı da var. Futbolçuya çox yüngül maddə seçiblər, axı o, təşkilatçıdır".

M.Əliyev Rasim Əliyevin döyülmə anının görüntülərinə hələ də baxa bilmədiklərini qeyd edib: "Oğlumun döyülmə anını əks etdirən görüntüləri əldə etməyə çalışsam da, razı olmadılar. Mənə bildirdilər ki, görüntülərə istintaq yekunlaşdıqdan sonra baxmaq olar. Ona görə də bilmirəm ki, oğlumu neçə nəfər döyüb. Amma hesab edirəm ki, onu saxlanılanların hamısı döyüb. Bu işin təşkilatçısı da Cavid Hüseynov olub".

Cavid Hüseynovun valideynlərinin barışığa cəhd etdiklərini deyən M.Əliyev bildirib ki, bu, mümkün olan iş deyil: "Biz eyni rayondan olsaq da, onları tanımırıq, əlaqəmiz yoxdur. Cavid Hüseynovun qohumları biri-iki dəfə barışıq olmasını istəyiblər, biz isə razı olmamışıq. Bizim onlarla barışmağımız qeyri-mümkün olan şeydir, ehtiyac yoxdur. Axı biz onları tanımırıq. Tanımadığımız adamla necə barışa bilərik?!"

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.

Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

İstintaq zamanı R.Əliyevə məxsus “iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi