Bakı. 22 fevral.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov bildirib ki, X.Məmmədov məcburi köçkün, daxili işlər nazirinin verdiyi döş nişanları var.
Vəkil məhkəməyə həmin sənəd və nişanlarını təqdim edib.
Daha sonra vəkil vurğulayıb ki, cinayət işində adı keçən hal şahidi Rövşən Mirzəyevin 12 ildir şəxsiyyət vəsiqəsi yoxdur. Ə.Hüseynov söyləyib ki, bu illər ərzində R.Mirzəyev bir neçə cinayət işində hal şahidi kimi məhkəmələrdə iştirak edib. O, həmin işlərin hökm qərarlarını məhkəməyə təqdim edib.
Hakim bildirib ki, hal şahidi R.Mirzəyev yenidən məhkəmə çağırışlarına əməl etməyib. Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses martın 6-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.