Yuxarı
    Bağlamaq

    Ramil Usubov: "Ötən il Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib"

    Nazir Qoşunlarda qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib

    Bakı. 19 yanvar. REPORT.AZ/ "Ötən il Daxili Qoşunların şəxsi heyəti asayişin qrup halında pozulması, xüsusi əməliyyatlar və fövqəladə hallar zamanı qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib". 

    "Report"un məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 19-da Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsində çıxışı zamanı deyib. 

    Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2015-ci ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

    R.Usubov qeyd edib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

    "Görülmüş işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir".

    Nazir deyib ki, cari ildə respublikada dövlət əhəmiyyətli tədbirlərin, o cümlədən mötəbər idman yarışları və beynəlxalq forumların keçiriləcəyini diqqətə çatdıran nazir bu baxımdan Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyənləşdirilərək vaxtında icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.

    General-polkovnik Ramil Usubov hərbi hissələrdə idarəçilik fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinin, mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil olmaqla, onların qanunvericiliklə müəyyən edilmiş qaydada polis əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək səviyyədə icrasına hər zaman hazır olmalarının, bu zaman şəxsi heyət tərəfindən qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin zəruriliyini bir daha qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi