Yuxarı

Ramil Usubov: "Nardaran sakinlərindən silahı könüllü surətdə təhvil verənlərə cinayət işi açılmayacaq" - ƏLAVƏ OLUNUB

Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər cinayətkar məhv edilib

"Artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 5 nəfər cinayətkar məhv edilib"

Bakı. 2 dekabr. REPORT.AZ/ "Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, heç bir narahatlığa əsas yoxdur". "Report"un AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov noyabrın 26-dan başlayaraq Bakı şəhərinin Nardaran qəsəbəsi, Gəncə və Lənkəran şəhərlərində həyata keçirilmiş əməliyyat tədbirlərinə münasibət bildirərkən deyib. 

Nazir deyib ki, bir ildən çoxdur "Müsəlman Birliyi Hərəkatı" adlı qurum mövcuddur: "Onların məqsədi qeyri-konstitution yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə dini pərdə altında şəriət qanunları ilə idarə olunan bir dövlət quruluşu yaratmaq olub. Heç şübhəsiz ki, dövlət və konstitution quruluşumuzu dəyişməyə yönələn bu cür cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır. Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hüquq-mühafizə orqanları qarşısında bu cinayətkar silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülməsi tələbini qoydu. Bu tədbirlər görülməyə başladı. İlk tədbir zamanı Nardaran qəsəbəsində silahlı müqavimət oldu, daxili işlər orqanlarının əməkdaşlarına qarşı silahlardan - avtomatdan, qumbaralardan istifadə edildi. Həmin silahlı dəstənin zərərsizləşdirilməsi zamanı bizim iki nəfər əməkdaşımız şəhid oldu. Ümumiyyətlə, Azərbaycan xalqına Nardaranda dövlət qurumları ilə qarşıdurmaların əvvəlki illərdə də olduğu məlumdur. Mənim yaxşı yadımdadır ki, 2005-ci ildə də Nardaranda bizim iki polis əməkdaşımızı qətlə yetirdilər. Bu günədək Nardaranda artıq 23-cü dəfədir ki, polislə qarşıdurmalar olur. Bu hərəkətlərlə bərabər, qəsəbədə kriminal hadisələr getdikcə artır. Hətta insanlar Nardaranda evləri, bağları ola-ola, qəsəbədə gedib yaşaya bilmirdilər. Onlara müxtəlif ultimatumlar verilirdi. Bütün bunların qarşısının alınması üçün noyabrın 26-na xüsusi əməliyyat planı işlənib hazırlanıldı. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri birgə tədbirlər həyata keçirməyə başladı". 

R.Usubov qeyd edib ki, artıq 32 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, polisə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah işlədən 5 nəfər cinayətkar məhv edilib: "Baş Prokurorluq tərəfindən intensiv istintaq işləri aparılır. Artıq qəsəbədə həm polis, həm də Daxili Qoşunların qüvvələri vəziyyəti tamamilə nəzarət altına alıblar. Dünən və bu gün heç bir insident baş verməyib. Lakin biz dörd gündür ki, qəsəbədə yaşayan vətəndaşlara rəsmi olaraq silahı yerə qoymağı, əllərdə olan avtomat, tapança, qumbaraları könüllü şəkildə təhvil verməyi tələb edirik. Təəssüflər olsun ki, bu günə kimi bir ədəd də silah könüllü surətdə təhvil verilməyib. Nardaranda yaşayan vətəndaşlardan bir daha tələb edirəm ki, əllərdə olan silahı təcili yerdə olan polis postlarına təhvil versinlər. Silahı könüllü surətdə təhvil verən vətəndaşlar haqda heç bir cinayət işi açılmayacaq. Bizim hazırladığımız xüsusi əməliyyat nəticəsində artıq 6 avtomat, çoxlu tapança, partlayıcı maddələr, qurğular götürülüb və bu iş davam etdirilir".

Nazir vurğulayıb ki, bu gün Nardaran istisna olmaqla, Azərbaycanın hər yerində əmin-amanlıqdır: "Vətəndaşlarımız adi qaydada yaşayırlar, hər yerə sərbəst şəkildə hərəkət edirlər və ölkəmiz, vətəndaşlarımız üçün heç bir təhlükə gözlənilmir. Azərbaycana gələn əcnəbilər də, iş adamları da indiyədək necə tam təhlükəsiz şəraitdə yaşayıblar, fəaliyyət göstəriblər, bu gündən sonra da belə fəaliyyət göstərə bilərlər. Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan əmin-amanlıq, ictimai-siyasi sabitlik bu gün də Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir".

Nazir sonda Azərbaycan xalqına təşəkkür edib: "Azərbaycan ictimaiyyətinə, radio və televiziyalara, sosial şəbəkələrdə öz münasibətlərini bildirən bütün insanlara Nardaran hadisələrində dövlətin, dövlətçiliyin mövqeyində durduqları, dəstəklədikləri üçün təşəkkürümü bildirirəm". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi