Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Neftçala Rayon Telefon Qovşağının rəhbəri Zülfəli Muradov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. Şahid bildirib ki, rayonda kotirovkalar və tenderlər formal olaraq aparılıb: "Heç bir pul köçürmələrində iştirak etməmişəm. Kotirovka və tenderin keçirilməsində rəhbərlikdən göstəriş almışam".
Z.Muradov məhkəmədə haqqında danışdığı rəhbərliyin adını açıqlamaq istəməyib.
Təqsirləndirilən N.Məmmədovun vəkili şahidin ifadələri arasında ziddiyyətlər olduğunu deyib. Daha sonra Z.Muradovun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsində göstərib ki, rayon qovşağına 3 milyon manat pul ayrılıb: "Həmin pullar da Namazalı Məmmədovun şirkətinə köçürülüb. Göstəriş isə Oktay Rüstəmov tərəfindən olub. Vidadi Zeynalovu isə ümumi rəhbər kimi tanımışam".
Daha sonra şahid qismində Şakir Süleymanov dindirilib. O, ifadəsində "Optik Rabitə" MMC-yə mal verdiyini deyib.
Zaur Məmmədov ifadəsində Cəlilabad Rayon Telefon Qovuşağının rəisi vəzifəsində çalışdığını söyləyib. O, 2011-ci ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin göstərişi ilə qovşağa rəis təyin olunduğunu bildirib.
Təqsirləndirilən şəxslərin vəkilləri şahidin istintaqa ayrı-ayrı vaxtlarda iki dəfə ifadə verdiyini deyərək, bunun səbəbini Z.Məmmədovdan soruşublar.
Z.Məmmədov isə "xatırlamıram" cavabını verib.
Daha sonra hakim onun istintaqa verdiyi ifadələrini elan edib. Z.Məmmədov istintaqda dindirilərkən qeyd edib ki, Cəlilabad Rayon Telefon Qovuşağına "Aztelekom" MMC vasitəsi ilə 163 min manat pul köçürülüb: "Həmin zaman Oktay Rüstəmov mənə dedi ki, pulların 35 faizi geri qayıdacaq və ondan Məhəmməd Məmmədova da çatacaq. Daha sonra o söylədi ki, həmin göstəriş Vidadi Zeynalovdan gəlib".
Z.Məmmədov məhkəmədə səslənən ifadəni özünün yazmadığını vurğulayıb: "Özümü pis hiss edirəm. İfadəmi də təsdiqləmirəm. Bunlar hamısı mənim eşitdiklərim idi. Düzdü, kotirovkalar formal olaraq keçirilirdi".
Ələsgər Mahmudov dindirilərkən Ağıstafa Rayon Telefon Qovşağının rəsisi olduğunu, kotirovkaların az da olsa qeyri-qanuni keçirildiyini deyib.
Təqsirləndirilən M.Məhəmmov bildirib ki, şahid ifadəsində ona ayda 1500 manat pul verdiyini qeyd edib. Ə.Mahmudov isə həmin ifadəsini təsdiqləməyib.
Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.