*** saat 13:04
Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verib.
O, 2011-ci ildən həmin MMC-də çalışdığını bildirib: "400 manat əmək haqqı alırdım. MMC-nin fəaliyyəti nazirliyin rayon telefon qovşaqlarında tikinti işləri aparmaq olub. Mal materiallarının alınmasına isə rəhbərlik nəzarət edirdi. Sənədləşmə hazır sənədlər əsasında həyata keçirilirdi. İttihamda qeyd edilib ki, 32 min 400 manat pulu mənimsəmişəm, 7 milyon manatı isə mənimsəməyə cəhd etmişəm. Lakin bunlar doğru deyil. Düzdür, rəisimiz, MMC rəhbəri Namazəli Məmmədov mənə qızımın müalicəsi üçün maddi yardım göstərib".
S.Hümbətovun sözlərinə görə, istintaq dövründə digər təqsirləndirilən N.Məmmədovla üzləşməsi olmayıb: "Bütün sənədlər qaydasında olub. Yoxlama da aparılıb, lakin heç bir nöqsanım olmayıb və mənə qarşı da iradlar bildirilməyib. İrad tutulsaydı, forma 2 tərtib edilməzdi".
Təqsirləndirilən N.Məmmədov S.Hümbətovun vəkili Vidadi Məmmədovun suallarını cavablandırarkən söyləyib ki, həmin pulları baş mühasibə xeyriyyə məqsədi ilə verib.
S.Hümbətov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib. Vəkil Könül Əliyeva isə onun istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsinin arasında ziddiyətlər olduğunu bildirib. O, S.Hümbətovun istintaqa verdiyi ifadəsinin elan olunmasını tələb edib. Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi elan olunub.
Daha sonra digər təqsirləndirilən "Rabitə Mülkü Tikinti" MMC-nin direktoru Emin Məmmədov dindirilib. O, gördüyü işlər haqda danışarkən bildirib ki, dəyəri 250 manatlıq dirək istintaqda 70 manat dəyərində göstərilib: "Guya bizə ayrılan pulların qalanını yemişəm. İstintaq həmin rəqəmləri şişirdib, ittihamlarla razı deyiləm. Hamı necə mən də elə işləmişəm. İttihamda yazılanlar özü özünü təkzib edir. Dövlətin puluna, əmlakına əlimi uzatmamışam, bunu sübut da edə bilərəm. Görülən işlərdə xərclər çox şişirdilib. İz zamanı dörd işçim dirəkdən yıxılıb, biri isə ölüb. Həmin şəxslərə hazırda pul ödəyirəm. Çünkü onlar mənim üçün çalışırdı".
Günün ikinci yarısında davam etdirilən prosesdə təqsirləndirilən "Rabitə Mülkü Tikinti" MMC-nin direktoru E.Məmmədov ifadəsini davam etdirib.
O, dindirilərkən görülən işlərdə istifadə olunan kabellərin qiymətlərinin yüksək olduğunu söyləyib: "Çünkü işin keyfiyyətli olması üçün yaxşı kabellərdən istifadə edilirdi. Düzdür, bizim səhvimiz var. Ona görə ki, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyində bu işlərə baxan qurum olmayıb. Onlar mənə 4 milyonluq obyekti 3 milyona tikdirdilər. İttiham paktında isə rəqəmlərin 80 faizi şişirdilib".
E.Məmmədovun sözlərinə görə, şirkətdə kotirovka işləri ilə özü məşğul olub: "ATS binası tikiləndə heç kəs getmirdi, mən özüm getdim. Nazirliyin yazılmayan qanunları var: başqasının çalışdığı obyektə heç kəs girmir. Tenderdə qalib gələndən sonra lahiyə-smeta sənədləri hazırlandı. İşlərə də özüm nəzarət edirdim".
Daha sonra təqsirləndirilən E.Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
E.Məmmədov vurğulayıb ki, hər ay qazancından "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova pul verib: "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov isə mənə ayda 2 min manatlıq "paket" verirdi. "Paket" sözünü də burada öyrənmişəm. Ümumilikdə ayda 5 min manat pul qazanırdım. İttihamda göstərilib ki, Beytulla Hüseynovla birgə 2 milyon 300 min manatı mənimsəmişəm. Lakin bunlar doğru deyil. Mütəxəsis və ekspertlər görülən işlər üçün istifadə olunan materialları düzgün hesablamayıb".
E.Məmmədov bildirib ki, gördükləri işlərin pullarını bir ildən sonra almalı idi: "İttihamda göstərilib ki, guya mən 7 milyon manatı mənimsəməyə cəhd etmişəm. Axı mən görülən işləri öz cibimdən xərcləmişəm. Həmin işin pullarını isə bir ildən sonra almalı idim. Məhəmməd müəllimin şəxsi istəyi ilə işlər görmüşəm və bunlar isə hesaba alınmayıb".
Proses dekabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb.
Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.