Yuxarı
    Bağlamaq

    Qusarın Urva kəndində torpaq sürüşməsi daha da aktivləşib - FOTO

    Torpağın üst qatı boşaldığından sürüşmə getdikcə daha böyük ərazini əhatə etməyə başlayıb

    Qusar. 25 oktyabr. REPORT.AZ/ Son günlər yağan yağış və qardan sonra Qusarın Urva kəndində torpaq sürüşməsi daha da aktivləşib.

    "Report"un Şimal bürosunun verdiyi xəbərə görə, torpağın üst qatı boşaldığından sürüşmə getdikcə daha böyük ərazini əhatə etməyə başlayıb. Dünənə kimi aydın görünən torpaq sürüşməsini bu gün qarın yağması səbəbindən izləmək çətinləşib. Burada yaşayanlar yaranan vəziyyətdən narahatdırlar. Ümumiyyətlə, qar və sulu qar sürüşmə baş verən ərazilərdəki lay qatlarına hopduğundan sürüşməni daha tez aktivləşdirir.

    Sakinlər bildiriblər ki, ərazidə 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmənin alt hissəsindəki yol daralıb. Yolun kənarındakı su borusu da əyilib. 

    "Report"a açıqlama verən Qusar rayon Urva kənd İcra nümayəndəsi Suləddin İskəndərov deyib ki, sürüşmə ərazisində 16 ev yerləşir. Həmin evlərdən 5-i yaşayış üçün tamamilə yararsız vəziyyətdədir, 15 ailə üçün FHN yeni ev tikib: "Biz onlara yazılı və şifahi xəbərdarlıq etmişik. Həmin massivdəki meşə ağacları da əyilib. Bu, sürüşmənin aktivliyini göstərir. Bu ərazi birdən-birə sürüşəcək. Bunun məsuliyyətini biz daşımırıq. Həmin ailələrə müasir tipli evlər tikilib. Lakin burada yaşayan ailələr yeni evlərə köçsələr də, çoxu hələ də qəzalı evlərdə qalır. Altı ailə sürüşmə aktiv olan ərazidə yaşayır, bir ailə isə ümumiyyətlə başqa evə köçməyib."

    Xatırladaq ki, Urva kəndi yaxınlığında 1,5 hektar torpaq sahəsində həmin sakinlərə ev tikilib və təhvil verilib. Bu kənddə ilk dəfə sürüşmə 2009-cu il martın 16-da qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi