Bakı. 17 mart.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Bayrambəyov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Qusar rayonunun Hil kəndi ərazisində, kənd sakini Adil Bədəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Daha sonra onun həyatı xilas edilib.
Polisin apardığı araşdırma nəticəsində hadisənin münaqişə zəminində baş verdiyi məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən A.Bədəlovun həmkəndlisi F.Bayrambəyov tutulub.
Müəyyən edilib ki, cinayəti törətməmişdən əvvəl həmkəndlilər yeyib-içiblər. Sonra onların arasında söyüş üstündə mübahisə baş verib. Mübahisə qanlı cinayətlə nəticələnib. F.Bayrambəyov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən F.Bayrambəyov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.