AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazisinə baxış keçiriblər.
Mərkəzin İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə, baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.
Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdılar. Həmin monitorinqin nəticəsi olaraq ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdı.
