​Qulu Məhərrəmlinin məhkəməsi təxirə salınıb

​Qulu Məhərrəmlinin məhkəməsi təxirə salınıb Buna səbəb İlhamə Novruzovanın məhkəməyə gəlməməsi olub
Hadisə
4 May , 2016 17:05
​Qulu Məhərrəmlinin məhkəməsi təxirə salınıb

Bakı. 4 may. REPORT. AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində professor, əməkdar jurnalist Qulu Məhərrəmlinin jurnalist İlhamə Novruzovaya qarşı mülki qaydada verdiyi şikayət üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bu barədə "Report"a Q.Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb İ.Novruzovanın məhkəməyə teleqram göndərməsi olub: "İlhamə Novruzova məhkəməyə teleqram göndərib. O, teleqramda müdafiəsini və sübutlarını təşkil etmək üçün məhkəmədən vaxt istəyib".

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Qeyd edək ki, Q.Məhərrəmli İ.Novruzovanı məhkəməyə verib. O, İ.Novruzovanın "Realmedia" Milli İnformasiya Agentliyində yazdığı məqalədə özünün təhqir olunduğunu iddia edərək, Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Q.Məhərrəmli İ.Novruzovanının ondan üzr istəməsini tələb edir.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra A.Alışanov Q.Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu Körpələr Evinə verəcəyini göstərib. Hazırda Nəsimi Rayon Məhkəməsində iş üzrə icraat dayandırılıb. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. Hazırda Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmədə linqivistik ekspertiza təyin olunub.

Son xəbərlər

Orphus sistemi