Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluq və dələduzluqda təqsirləndirilən Rəşad Mehdiyev və Araz Məmmədzadə barələrindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və A.Məmmədzadə isə 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 10 il, A.Məmmədzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.