Qusarda leysan yağışları nəticəsində 4 ev uçub, bir nəfər xəsarət alıb - FOTO - VIDEO - YENİLƏNİB 4

Qusarda leysan yağışları nəticəsində 4 ev uçub, bir nəfər xəsarət alıb - FOTO - VIDEO - YENİLƏNİB 4 Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini: "Hazırda bütün şimal bölgəsindən yardım çağırılıb, əraziyə xeyli canlı qüvvə və texnika cəlb olunub"
Hadisə
16 Sentyabr , 2015 22:58
Qusarda leysan yağışları nəticəsində 4 ev uçub, bir nəfər xəsarət alıb - FOTO - VIDEO - YENİLƏNİB 4

Bakı. 16 sentyabr. REPORT.AZ/ Qusar rayonunda leysan yağışlarının yaratdığı sel suları nəticəsində uçan evlərin sayı 4-ə çatıb. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev "Report"a açıqlamasında bildirib ki, rayonun Əzizbəyov küçəsində 3 ev uçub: "Hazırda bütün şimal bölgəsindən yardım çağırılıb, əraziyə xeyli canlı qüvvə və texnika cəlb olunub". 

Məlumata görə, rayonun Çiləgir kəndində də bir ev uçub, sahibi xəsarət alıb. Eyni zamanda, kənddə daha 5 evi su basıb. 

*** 19:50

Hazırda Qusar rayonunda davam edən leysan yağışları ciddi fəsadlar törədib. "Report" xəbər verir ki, rayonun Əzizbəyov küçəsində yağış sularının yaratdığı sel nəticəsində yerli sakinlər Xanlar Abdurrəhmanov və Fatma Abdulkərimova məxsus iki ev uçub. Daha iki evi isə su basıb. Sakinlər ərazidən evakuasiya olunub. Bundan başqa, Qusarçay çayı daşıb, hazırda çayın üzərindəki körpüdə böyük tıxac meydana gəlib. 

*** 19:11

Bu gün axşam saatlarında Quba rayonunda fasiləsiz olaraq yağan leysan yağışı ciddi fəsadlar törədib. "Report" xəbər verir ki, güclü yağış avtomobillərin gediş-gəlişinə mane olub, hətta bəzi avtomobillər yolda qalıb. Dağ kəndlərində güclü yağış nəticəsində yollarda olan avtomobillər geriyə qayıdıb.

Quba rayonu Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report"a açıqlamasında bildirib ki, hələlik ciddi bir şeyin olmadığını və belə davam edərsə, çətinliklərin olacağını bildirib. 

Məlumata görə, hazırda Qubanın bütün küçələrində sel axır, həmçinin, Vladimirovka kəndində bir neçə evin həyətinə və zirzəmisinə yağış suları dolub.

Eyni zamanda, Quba rayonunun Alpan kəndində də bəzi evləri su basıb, hətta bir azyaşlı uşaq sel sularına qərq olsa da, onu xilas etmək mümkün olub. Başından yaralanan azyaşlıya tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.  

Bundan başqa, leysan yağışları nəticəsində Qusar rayonunun Fəxrəddin Musayev küçəsində bir neçə evi su basıb. 

Son xəbərlər

Orphus sistemi